Ramazanı fürsət bilək!

Yazar: Kövsər Tağıyev @ Avqust 27, 2009 0:27
 
Xoş gəldin Ramazan! Xeyli vaxtdır intizarda saxlamışdın bizləri. Düz on bir aydır yolunu gözləyirdik. Allah şahidimizdir ki, getdiyin gün də çox üzülmüşdük. Səni yaxşı yaşaya, haqqını sənə layiq şəkildə verə bilmədik deyə...

Sən gedəndən sonra kimilərinə səndən xatirə olaraq bol-bol savab və Allahın razılığı qaldı. Onlar sən gəldiyin gündən getdiyin günə qədər üzərində əsdilər. Bir dəqiqəni belə fövtə verməmək üçün səy göstərdilər. Obaşdan sahura qalxıb Allahın rəhmətindən və lütfündən nəsiblərini aradılar. Oruclarını tutdular. Oruclu ağızlarını bir də Quran oxumaqla, zikr etməklə və dua etməklə məşğul etdilər. Kimilərinə isə qalan sadəcə aclıq və susuzluq oldu. Çünki oruclarındakı məqsəd Allah deyildi. Ya dəb ya da sağlamlıq xatirinə oruc tutdular. Unutdular ki, oruc sadəcə ac və susuz qalmaq deyildir. Oruc Allah üçün olub Allah istədiyi üçün ac və susuz qalmaqdır. Yəni, qısacası ixlasdır bu işin sirri: “De ki, mənim namazım da, ibadətim də, yaşamağım da, ölməyim də aləmlərin Rəbbi olan Allah üçündür!” (əl-Ənam, 162). Bir də oruclu ağızlarına çirkin sözləri, yalanları, qeybətləri yaraşdıranlar oldu. Heyf oldu o niyyətə, o cəhdə. Kimilərinin də sənin gəlib getdiyindən heç xəbəri də olmadı.

Və sən getdiyin gün çoxlarımız özümüzə söz verdik. Kimimiz “Oruclarımda qəza etməsəm də bu Ramazanı layiqli şəkildə yaşaya bilmədim. Amma gələn Ramazanı, inşallah, bundan daha yaxşı, daha bərəkətli keçirəcəyəm” deyə üzüldük, kimimiz də “Bu il on gün tutdum amma, inşallah, gələn il Ramazanı tam tutacağam” dedi. Kimilərimiz isə “Gələn Ramazanda mütləq mən də oruc tutacağam” deyə söz verdi. Bir il keçdi. Və Ramazan yenidən qapımızı döydü. Bu dəfə də əliboş gəlməyib. Allahın rəhməti, bərəkəti və əfvi ilə gəlib. Və indi verdiyimiz sözləri yerinə yetirməyin tam vaxtıdır. Kim bilir, bəlkə bu Ramazan yaşayacağımız son Ramazandır. Bəlkə bu, Allahın bizə verdiyi son fürsətdir. Bəlkə də bir alış-verişdir. Allahla etdiyimiz bir alış-veriş. Adı nə olursa-olsun, nəticədə karlı çıxan biz oluruq. Bəlkə bu isti yay günlərində ac və susuz qalmaq bir az çətin olacaq, amma bundan qat-qat isti olan O gün üçün özümüzə zamin durmuş olacağıq. Biz yeməyimizə və içməyimizə bir balaca sərhəd qoyacağıq, rəbbimiz isə günahlarımızla rəhmi arasındakı sərhədləri qaldıracaq. Qısacası “Kim savabını Allahdan umaraq, imanla Ramazan orucunu tutarsa, keçmiş günahları bağışlanar” Bu isə sadəcə avansdır. Allah qatında əsl mükafatın isə nə olacağı sirdir. Bunu yalnız O bilir. “Adəm oğlunun hər bir əməlinin qarşılığı qat-qat verilir. Hər yaxşılıq üçün on qatdan yeddi yüz qata qədər və bundan daha artıq qarşılıq vardır. Uca Allah buyurur: “Oruc bundan müstəsnadır. Çünki oruc Mənim üçündür və onun qarşılığı da mənə aiddir. Oruclu mənim üçün şəhvətindən və yeyib-içməyindən əl çəkdi. Oruc tutan adam üçün iki sevinc anı vardır: biri iftar etdiyi zaman, digəri isə rəbbi ilə qarşılaşacağı zaman” (Müslim).  Ya Rəbb, səninlə edilən ticarət nə gözəl ticarətdir!

Elə isə, ey insanlar, açın qapıları! Qoyun, Ramazan girsin dünyanıza. İlıqlandırsın fərdiyyətçi dünyamızın yalnızlıqdan buz kəsilmiş atmosferini. Və açın qəlblərinizin qapısını. Qoyun Ramazan girsin qəlblərinizə. Hopdurun Ramazanı ruhlarınıza. On bir ay saxta cəmiyyətin aqressiv simalarından təsirlənərək daşlaşmış qəlbləriniz və bozarmış üzləriniz, qoy bu ayda nura boyansın. Bir ay azad olun. İbrahim kimi, Məhəmməd kimi. Buraxın, bir kənara saxta hürriyyət nidalarını. Qırın vicdanlarınıza vurduğunuz təkəbbür buxovlarını. Dağıdın məhbusu olduğunuz mənəm-mənəmlik sədlərini. Qaldırın ayrılıq divarlarını aranızdan. Qardaşlıq, dostluq, sülh sözlərini tribunalarda və minbərlərdə deyil, əməllərinizdə yaşadın. İnandırın hər kəsi nə qədər səmimi olduğunuza.